MİLLİ MƏCLİSİN İCLASLARI

STATİSTİKA

“İlham Əliyev Qafqazda real sülhə də nail olacaq” - Deputat Kamal Cəfərov

11:22 27.07.2023



“Azərbaycan Prezidenti İlham Əliyevin Çin Media Qrupuna verdiyi müsahibədə bir çox mühüm məqamlar var. Ancaq hesab edirəm ki, onlardan ən önəmlisi irəli sürdüyü və tətbiq etdiyi qarşılıqlı hörmətə əsaslanan praktiki əməkdaşlıqdır. Çünki bu cür əməkdaşlıq dövlətlər arasında dostluğu gücləndirir, münasibətlərin sabitliyini, təhlükəsizliyini təmin edir, yaxşı mənada qarşılıqlı bağlılığı artırır”. 

 

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Kamal Cəfərov bildirib.

 

O qeyd edib ki, Prezident İlham Əliyev qarşılıqlı hörmətə əsaslanan praktiki əməkdaşlığı necə qurmaq olar və çətin anlarda onun davamlığını necə təmin etmək olar məsələsini öz fəaliyyəti ilə nümunə göstərir:    

 

“Obyektiv həqiqət ondan ibarətdir ki, bu gün türk dövlətləri arasında əməkdaşlığa təkan verən və onlar arasında avropa ölkələri ilə strateji ittifaqa malik olan və bütün bunlarla yanaşı, hansı ki, indiki dünya nizamında bunu bacarmaq çox çətindir, post-sovet ölkələri ilə də yüksək tərəfdaşlıq münasibətlərinə malik olan tək lider İlham Əliyevdir. 

 

O, həyata keçirdiyi beynəlxalq nəqliyyat və enerji layihələri ilə region dövlətlərini müharibə və intriqa əvəzinə sülhə və əməkdaşlığa dəvət edir. O, dövlət başçılarını müharibə ilə deyil, iqtisadiyyatla məşğul olmağa çağırır. Bu gün isə sülhə, sabitliyə və rifaha isə təkcə regionun deyil, bütün dünyanın ehtiyacı var. 

 

Bizim regionumuzda buna ən çox ehtiyacı olan Ermənistandır. Ermənistan rəhbərliyi və xalqı da anlamalıdır ki, onların gələcək rifahı Azərbaycan Prezidenti İlham Əliyevlə razılaşmaqdan keçir. Ermənistan rəhbərliyi bir hamidən küsüb, başqa haminin qucağına qaçmaq əvəzinə səmimi olsalar və İlham Əliyev kimi qlobal liderin ədalətli şərtləri ilə razılaşsalar bu gün fərqli Ermənistan, fərqli Qafqaz olar.

 

Bunun üçün də Ermənistan ilk növbədə silahlı qüvvələrini Azərbaycanın Qarabağ bölgəsindən tam və dərhal çıxarmalı, Zəngəzur koridoru ilə bağlı üzərinə düşən öhdəlikləri yerinə yetirməli, Azərbaycanın daxili işlərinə müdaxilədən çəkinməli, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə yalnız sözdə deyil, əməldə də riayət etməli, Prezident İlham Əliyevin beynəlxalq hüquqa uyğun irəli sürdüyü şərtlərlə sülh müqaviləsi imzalamalıdır.

 

Bu isə həqiqətən mühüm geosiyasi amilə çevrilə bilər, uzunmüddətli qarşıdurmaya son qoyar, Qafqazda real sülh yaradar. Bütün kommunikasiyalar açılar, birgə fəaliyyətin və dayanıqlı inkişafın əsası qoyular. 

 

Çox təəssüf ki, Qafqazda real sülh istəməyənlər də var və onlar müxtəlif üsullarla təxribatlar törətməyə çalışırlar.

 

Ancaq onlar hələ də, İlham Əliyev faktorunu tam dolğun qiymətləndirə bilmirlər. 

 

Onlar anlamırlar ki, İlham Əliyev 2-ci Qarabağ müharibəsindən əvvəl mövcud olan hərbi arsenaldan daha böyük, güclü və peşəkar orduya, tarixinin ən böyük büdcəsinə malik Azərbaycanın Ali Baş Komandanı, Müzəffər Sərkərdəsidir. Dünyanın enerji və nəqliyyat xəritəsinə təsir edən söz sahibidir.

 

Bütün təxribatlara, Laçın sərhəd məntəqəsində göstərilən "humanitar" şouya və hələ bilmədiyimiz çətinliklərə baxmayaraq, İlham Əliyev Qafqazda real sülhə də nail olacaq. O bunu necə edəcək və nə zaman edəcək, özü bilir”.